CƏMİYYƏT
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər artıq elektron qaydada əmək vizası ala biləcəklər
Bakı, 9 iyul, AZƏRTAC
“ASAN Viza” sistemində viza növlərinin siyahısına iyulun 6-dan əmək vizası da əlavə olunub.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.
“ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə edilir.
Qeyd edək ki, “ASAN Viza” prosesi www.eviza.gov.az saytı vasitəsilə həyata keçirilir.