ELM VƏ TƏHSİL
“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov üçüncü ildir ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirildiyini söyləyib.
Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.
Çıxış edənlər şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan maraqlarının daha da artırılması baxımından müsabiqənin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minədək şagird iştirak edib. Onlar arasından fərqlənən 5.311 şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi bu ilin fevralında yekunlaşıb və martda keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib.
Bu mərhələdə iştirakçılar üç variantda təklif olunan mövzulardan birini seçərək inşa yazıb və on sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə beş nəfər birinci, on nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 şagird isə tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar da təqdim olunub.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
Tədbirdə, eyni zamanda, nazirlik tərəfindən keçirilmiş “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsinin qalibləri də diplom və tərifnamələrlə mükafatlandırılıblar. Tədbir iştirakçılarına bu müsabiqənin qaliblərinin əsərlərindən ibarət toplu paylanılıb.