ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun alimləri Ulu Öndərə həsr olunmuş tədbirdə iştirak ediblər
Bakı, 8 may, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, onlayn tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və idarənin tabeliyindəki Qazax, Tovuz və Ağstafa Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Nizami Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, həmçinin Ədəbiyyat İnstitutunun alimləri məruzə ilə çıxış ediblər.
İnstitutun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, dosent Elnarə Akimova, professor Almaz Ülvi və Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Qasımlı ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatı sahəsində böyük xidmətlərindən danışıblar.
Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın moderatorluğu ilə reallaşan tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs ediblər.