ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi hesabat verib
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA-nın Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi cari ildə aparılan elmi-tədqiqat işləri ilə bağlı hesabat verib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsinin hesabatında iştirak edərək əməkdaşların illik elmi fəaliyyətləri ilə tanış olub, təklif və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin həyat və yaradıcılığının hərtərəfli öyrənilməsinin ədəbiyyatşünaslığımızın əsas prioritet istiqamətlərindən biri olduğunu, institutun Nizamişünaslıq şöbəsində bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü qeyd edib. AMEA-nın prezidenti şöbənin plan işi kimi yerinə yetirdiyi ikicildlik “Nizami Gəncəvi ensiklopediyası”nın hazırlanması vəziyyətini təhlil edərək tövsiyələrini verib, fikir və mülahizələrini bildirib.
Hesabat iclasında institutun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı şöbənin plan işlərinin yerinə yetirilmə vəziyyəti və qarşıdakı planlar barədə məlumat verib.
İclasda şöbənin əməkdaşlarından Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva, Yelena Teyer, Təhminə Bədəlova, Hürnisə Bəşirova, Samirə Əliyeva, Məsumə Nuriyeva və Lalə Paşayevanın hesabatları dinlənilib.
Akademik İsa Həbibbəyli böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığına həsr edilmiş elmi konfransın keçirilməsi və “Nizami Gəncəvi almanaxı”nın növbəti sayının çapa hazırlanması ilə əlaqədar tapşırıqlar verib.