ƏDLİYYƏ NAZİRİ FİKRƏT MƏMMƏDOVUN STRASBURQA İŞGÜZAR SƏFƏRİ
Noyabrın 25-də nazir Fikrət Məmmədov Konqres qarşısında çıxış etmiş, bu qurumun may ayında ölkəmizə dair qəbul etdiyi tövsiyə ilə bağlı Azərbaycan tərəfinin gördüyü mühüm işlər barədə ətraflı məlumat vermişdir.
Nazir xüsusən, sözügedən tövsiyənin konkret bəndləri ilə bağlı ölkəmizdə həyata keçirilmiş praktik addımların mahiyyətini və məqsədlərini açıqlamış və bu istiqamətdə Avropa Şurasının Azərbaycana yardımın davam etdirilməsini zəruri hesab etmişdir. O, bu beynəlxalq təşkilatın standartlarına uyğun yaradılmış zəngin milli qanunvericilik bazasının əhəmiyyətini qeyd etmiş və ölkəmizdə yerli və regional hakimiyyətlərin inkişafında mövcud problemlər və gələcək perspektivlər barədə mülahizələrini bölüşmüşdür. Bu kontekstdə natiq region üçün təhlükə törədən Ermənistanın Azərbaycana qarşı təcavüzünü və onun ağır nəticələrini diqqətə çatdırmışdır.
Nazirin çıxışı Konqres tərəfindən maraqla qarşılanmış, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlər ətrafında konstruktiv fikir mübadiləsi keçirilmişdir. Ümumilikdə, Konqres üzvləri Azərbaycanın gördüyü işin nəticələrini müsbət qiymətləndirmiş, yerli hakimiyyətlərin inkişafının təmin edilməsi üçün yaxın gələcəkdə daha səmərəli tədbirlərin görülməsini və Konqresin Azərbaycan bələdiyyələrinə yardımının davam etməsini vacib saymışlar.
Konqresin sessiyası çərçivəsində ədliyyə naziri İtaliyanın regional məsələlər üzrə naziri Enriko la Loqia ilə ikitərəfli görüş keçirmişdir. Həmsöhbətlər Avropa Şurasının regional özünüidarəetmə xartiyasının qəbul olunması, İtaliya-Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsinin keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi etmişlər. İkitərəfli əməkdaşlığı genişləndirmək məqsədi ilə İtaliyanın naziri Azərbaycana səfərə dəvət olunmuşdur.
Noyabrın 26-da nazir Fikrət Məmmədovun Avropa Şurasının Baş katibi Valter Şvimmer ilə görüşündə diqqət ölkəmizin ədliyyə sisteminin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərə cəlb edilmiş, məhkəmə sisteminin daha da təkmilləşdirilməsinin zəruriliyi vurğulanmışdır. Baş katib Azərbaycanda hüquq-məhkəmə sistemində həyata keçirilən islahatları dəstəkləyərək, bundan sonra da Azərbaycana bu istiqamətdə yardım göstərilməsinin vacib olduğunu vurğulamışdır. Nazir öz növbəsində ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə verdiyi töhfəyə görə AŞ-nin Baş katibinə təşəkkürünü bildirmiş, Azərbaycan hökumətinin qanunun aliliyi və insan hüquqları kimi prinsiplərə sadiqliyini qeyd etmiş və bu istiqamətdə səylərin davam edəcəyini söyləmişdir. Sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.
Bundan əlavə, səfər çərçivəsində nazir Fikrət Məmmədov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbərliyi, AŞ Baş katibinin müavini, Venesiya Komissiyasının katibi, Hüquq Məsələləri üzrə baş direktor və digər məsul şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycanla bağlı əməkdaşlıq və yardım proqramları, AŞ-nin çoxsaylı konvensiyalarına qoşulan ölkəmizdə həmin sənədlərin müddəalarının həyata keçirilməsi, xüsusən, terrorizmə qarşı mübarizə və Azərbaycan-AŞ gündəliyində duran digər məsələlər ətrafında müzakirələr keçirmişlər.
Azərbaycan Respublikasının AŞ yanında Daimi Nümayəndəsi, səfir Aqşin Mehdiyev adı çəkilən tədbir və görüşlərdə iştirak etmişdir.