CƏMİYYƏT
Ədliyyə naziri yanında İctimai Komitənin hesabat yığıncağı keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Bu məqsədlə Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir. 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, iyunun sonunda İctimai Komitənin iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi Milli Məclisin deputatlarından, ictimaiyyətin nüfuzlu nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə iyunun 21-də Beynəlxalq Mətbuat Mərkəzində hesabat görüşü keçirilib.
İclasda Komitənin fəaliyyət dövründə gördüyü işlər barədə məlumat dinlənilib, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri, o cümlədən məhkumların hüquqlarının qorunması, onların islahı üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyi vurğulanıb, Komitənin ədliyyə sistemində səmərəli ictimai nəzarət mexanizmi kimi fəaliyyəti qeyd olunub.
Bildirilib ki, Komitənin yeni tərkibinin formalaşdırılması barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilərək qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri qurumun fəaliyyətində iştirak etməyə dəvət olunublar.
Eyni zamanda, qurumun hesabatına dair faydalı fikir mübadiləsi aparılıb, Seçki Komissiyası tərəfindən diqqət yetirilməsi vacib olan məsələlər müzakirə edilib. Həmçinin Komitənin işinin daha da canlandırılması, şəffaflığın artırılması, qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi, ictimai iştirakçılığın müxtəlif formaları ilə bağlı tövsiyələr verilib, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, ötən dövrdə komitənin fəaliyyəti təkmilləşdirilib, o cümlədən “İctimai iştirakçılıq” haqqında Qanuna uyğun olaraq səlahiyyətləri genişləndirilib, həmçinin qurumun ayrıca internet səhifəsi yaradılaraq fəaliyyət göstərir.
Vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi və nümunəvi model kimi təqdir olunan İctimai Komitə ötən dövrdə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələri, habelə Ombudsmanın Milli Preventiv Mexanizm qrupu ilə birgə müxtəlif cəzaçəkmə müəssisələrinə bütövlükdə 340-dək baş çəkmə həyata keçirib, məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, 2 mindən artıq məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərilib. Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb, ictimaiyyətə müntəzəm açıqlamalar verilib.
Eyni zamanda, fəaliyyətinin ilk illərində monitorinq prosesinə daha çox üstünlük verən İctimai Komitə son illər penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsini, məhkumların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılmasını müşahidə edərək sonrakı və hazırkı dövrdə daha çox məhkumların islah olunması komponentinə diqqət yetirib.
Həmçinin Komitə üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işinə cəlb olunurlar. Bu məqsədlə Komissiyanın digər üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 320-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib, həqiqi islah yoluna qədəm qoymuş 7 mindən çox məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97 faizi müsbət həll edilib.
Bununla yanaşı, Komitə üzvləri onlara verilmiş yeni səlahiyyətlərə uyğun olaraq ədliyyə fəaliyyəti üzrə müxtəlif tədbirlərdə, o cümlədən nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə (test imtahanı və söhbət mərhələsində) yaxından iştirak edirlər. Həmçinin ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə “açıq qapı” günləri keçirilir, vətəndaş cəmiyyəti institutları nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb olunaraq ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar və həmçinin bu zaman onlar ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdirlər.
İctimai Komitənin işinin səmərəliliyinin artırılması məqsədilə mütəmadi olaraq nazirliyin rəhbərliyi və onu formalaşdıran Seçki Komissiyası ilə görüşlər keçirilərək fəaliyyəti ilə bağlı təhlillər aparılır, qiymətləndirilir və tövsiyələr verilir.