CƏMİYYƏT
Ədliyyə nazirinin müavinləri Kürdəmir və Masallı rayonlarında vətəndaşları qəbul edəcəklər
Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 17-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Toğrul Musayev Kürdəmir, nazir müavini Eldar Nuriyev isə Masallı rayonlarında vətəndaşların qəbulunu keçirəcəklər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir rayonu Mədəniyyət Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Aşıq Əhməd küçəsi, 36) keçiriləcək qəbulda Kürdəmir, Ucar, Zərdab və Hacıqabul rayonlarında, Masallı rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək qəbulda isə Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar Kürdəmirdə keçiriləcək qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111; əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), Masallıda təşkil ediləcək qəbula isə Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41, 077-338-31-20 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinlərinin həmin gün keçiriləcək qəbullarına Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.