ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda aparılan demokratik islahatlar, insan hüquqlarının təmin edilməsi üzrə həyata keçirilən tədbirlər barədə qonağa məlumat verən F.Məmmədov bu sahədə Avropa Şurası ilə uğurlu əməkdaşlığı vurğulamış, ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin icrası üzrə görülən məqsədyönlü tədbirlərə toxunmuş, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirildiyini söyləmişdir.
Ölkədə aparılan islahatları müsbət dəyərləndirən qonaq bəzi konkret öhdəliklərin və tövsiyələrin həyata keçirilməsi, qanunvericiliyin tətbiqi və məhkəmə təcrübəsi ilə maraqlanmış, fikir və söz azadlığından düzgün istifadə edilməsində mətbuat işçilərinin və hüquqşünasların tədrisinin əhəmiyyətini vurğulamışdır.
Görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə ölkə Prezidentinin tapşırığına əsasən görülən işlər qeyd olunmuş, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, hakimliyə namizədlərin seçilməsi və hakimlərin təyinatı qaydasının təkmilləşdirilməsi üzrə Avropa Şurası ilə əməkdaşlıq şəraitində hazırlanmış konkret fəaliyyət planının həyata keçirildiyi bildirilmişdir.
Bununla əlaqədar 2005-ci ildə vakant olan hakim vəzifələrinə namizədlərin yeni, daha təkmil qaydalarla seçilməsi, onların beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib edilən xüsusi proqram üzrə hazırlıq kursuna cəlb edilməsi qeyd olunmuş, qonağın təmsil etdiyi qurum bu prosesdə fəal iştiraka dəvət edilmişdir.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi üzrə konkret tədbirlər müzakirə olunmuş, qonağı maraqlandıran suallara ətraflı cavablar verilmişdir.