ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkələrimizin dostluq əlaqələrinin uğurla inkişaf etdiyini bildirən nazir, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ildə Avstriyaya səfərinin dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi təkan verdiyini vurğulamış, hüquqi sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Bakıya gəlmiş avstriyalı həmkarı Diter Böhmdor ilə ötən il imzalanmış Anlaşma Memorandumunun bu səfərin həyata keçirilməsinə zəmin yaratdığını demişdir.
Görüşdə Azərbaycanla Avstriyanın hüquqi sahədə əməkdaşlıq məsələlərinə toxunulmuş, iki ölkənin hüquq mühafizə orqanları arasında yaranmış sıx əlaqələr qeyd olunmuş, qonağın diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilmişdir.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən qonaq Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatını və qəbul edilən humanist qərarları yüksək qiymətləndirmiş, bu məsələyə ölkəmizin Prezidenti İlham Əliyevin xüsusi əhəmiyyət verdiyinin şahidi olduğunu vurğulamışdır.
Qonaq Avropa İnsan Hüquqları Məhkəməsinə Avstriyadan verilən şikayətlərlə əlaqədar yaranan problemlərə toxunaraq bu sahədə təcrübə mübadiləsinin Azərbaycan üçün əhəmiyyətini qeyd etmiş, Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinə yenidən üzv seçilməsi münasibətilə ədliyyə naziri Fikrət Məmmədovu təbrik edərək, ölkəsinin də həmin mötəbər qurumda təmsil olunmasının dövlətlərimiz arasında əməkdaşlığa əlavə töhfə olduğunu bildirmiş, Avstriyanın yeni təyin edilmiş ədliyyə naziri xanım Karin Miklauçun salamlarını çatdıraraq, dövlətlərimizin hüquqi sahədə əməkdaşlığının bugünkü səviyyəyə qalxmasında Azərbaycan Ədliyyə Nazirliyinin müstəsna rolunu məmnuniyyətlə vurğulamışdır.
Ölkələrimizin hüquqi sahədə əməkdaşlığına töhfəsi nəzərə alınaraq Valter Preslauyer Ədliyyə Nazirliyinin xüsusi medalı ilə təltif olunmuşdur. Görüşdən sonra avstriyalı qonaq ədliyyə tarixi muzeyi ilə tanış olmuş, xatirə kitabında ürək sözlərini yazmışdır.