CƏMİYYƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin dövlət naziri doktor Rəşad Doğru ilə görüşmüşdür.
Ədliyyə naziri qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ölkələrimiz arasında qədim tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə onun layiqli töhfə verəcəyinə əmin olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə ötən ilin martında rəsmi səfərini xatırladan F.Məmmədov həmin səfər çərçivəsində ölkələrimizin ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokolunun hüquqi sahədə əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.
Görüşdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatının insan hüquqlarının, habelə hüquqi şəxslərin mənafelərinin təmin olunmasına xidmət etməsi, Türkiyə ədliyyə nazirinin yaxın vaxtlarda Azərbaycana səfəri zamanı imzalanması nəzərdə tutulan hüquqi yardım haqqında yeni dövlətlərarası müqavilənin iqtisadi sahədə də əməkdaşlığa əlverişli imkanlar yaradacağı vurğulanmışdır.
Səmimi görüş üçün minnətdarlığını bildirən cənab Rəşad Doğru Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə aparılmış hərtərəfli islahatlar nəticəsində qısa müddət ərzində böyük uğurlar əldə edildiyini, Türkiyənin qardaş Azərbaycan xalqına bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.
Görüşdə Türkiyənin Bakıdakı səfiri Ünal Çeviköz və Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev iştirak etmişlər.