CƏMİYYƏT
Ədliyyə Nazirliyində yeni dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilmişdir
Bakı, 12 mart (AZƏRTAC). Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə tədbirlər davam edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar nazirlikdə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş olmuş, son dövrlər ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, işin səmərəliliyinin daha da artırılması, vətəndaş cəmiyyəti institutlarından olan qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün geniş imkanların yaradılması vurğulanmışdır. Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dövlət qeydiyyatına alınmış 3800-dən artıq qeyri-kommersiya hüquqi şəxslərdən 2800-dən çoxunun qeyri-hökumət təşkilatları olduğu bildirilmişdir.
Bu qurumlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin strukturunda qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin yaradılması, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində “Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin formalaşdırılaraq istifadəyə verilməsi diqqətə çatdırılmış, QHT-lərin fəaliyyətinin asanlaşdırılması üçün elektron xidmətlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi barədə məlumat verilmiş, ədliyyə fəaliyyətinin bir sıra sahələri üzrə QHT-lərlə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Görüş iştirakçılarına maarifləndirmə məqsədilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilmiş, müvafiq metodiki köməklik göstərilmiş, zəruri hallarda səlahiyyətlərinə uyğun məsələlər üzrə nazirliyin aidiyyəti qurumuna müraciət etmələri tövsiyə olunmuşdur.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işləri yüksək dəyərləndirmiş, belə görüşlərin təşviq olunmasının ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsinə xidmət etdiyini bildirmişlər.
Sonda yeni dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarına müvafiq şəhadətnamələr və təsis sənədləri təqdim edilmişdir.