ƏFQANISTANA YARDIM
TOKİO. Əfqanıstanın bərpasına dair burada keçirilən beynəlxalq konfransın açılışında Yaponiya, ABŞ, Avropa Birliyi, Səudiyyə Ərəbistanı və bəzi beynəlxalq təşkilatlar bu ölkəyə yardım göstərilməsi çərçivəsində nəzərdə tutulan məbləğləri bəyan etmişlər.
Yaponiyanın baş naziri Dzyünitiro Koidzumi açılış mərasimində çıxış edərək bildirmişdir ki, hökumət yaxın iki il yarımda Əfqanıstana 500 milyon dollar verəcəkdir. Yaponiya birinci il 250 milyon dollarlıq yardım göstərəcəkdir.
ABŞ dövlət katibi Kolin Pauell isə demişdir ki, hökumət birinci il Kabilə 296 milyon dollar ayıracaqdır. O bildirmişdir ki, Əfqanıstanda terrorizmin və narkotik maddələr qaçaqmalçılığının kökü kəsiləcək və ölkədə siyasi və iqtisadi sabitliyin bərpası üçün ABŞ ona yardım göstərilməsini davam etdirəcəkdir.
Avropa Birliyi cari ildə Əfqanıstana 500 milyon dollar, Səudiyyə Ərəbistanı isə yaxın üç ildə 220 milyon dollar ayırmağa söz vermişlər.
Bundan əlavə, Asiya İnkişaf Bankının (AİB) prezidenti Tadao Tino mətbuat konfransında bəyan etmişdir ki, bank iki il yarım ərzində əfqan xalqına təxminən 500 milyon dollar ayıracaqdır. Dünya Bankının (DB) prezidenti Ceyms Vulfenson isə bildirmişdir ki, bank elə həmin dövrdə Əfqanıstana yarım milyard dollar məbləğində yardım göstərəcəkdir.
Sinxua agentliyi xəbər verir ki, DB-nin, AİB-in və BMT İnkişaf Proqramının hesablamalarına görə, Əfqanıstanın bərpasına yaxın iki il yarımda azı 5 milyard dollar, sonrakı 10 ildə isə 15 milyard dollar lazım olacaqdır.
66 dövlətin və 22 beynəlxalq təşkilatın nümayəndələrindən 47-si Əfqanıstana ianələrin və kredit yardımının dəqiq məbləğini açıqlamışdır. Yaponiya hökumətinin rəsmi nümayəndəsi mətbuat konfransında bildirmişdir ki, konfransın birinci günü Əfqanıstanın bərpasına yardım olaraq təxminən 3 milyard dollar ayırmaq vəd edilmişdir.
İkigünlük konfrans yanvarın 22-də başa çatmışdır. Forumun təşkilatçısı olan Yaponiya Əfqanıstana yardım fonduna 4,5 milyard dollar cəlb ediləcəyinə ümid bəslədiyini bildirmişdir.