DÜNYA
Əfqanıstanda hücum nəticəsində 1 gürcüstanlı hərbçi həlak olub, 3 nəfər yaralanıb
Bakı, 4 avqust, AZƏRTAC
Əfqanıstanın Baqram aviasiya bazasının yaxınlığında silahlıların patrula hücum etməsi nəticəsində NATO-nun missiyasında iştirak edən Gürcüstan Silahlı Qüvvələrinin kiçik çavuşu həlak olub. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda hücum nəticəsində, həmçinin daha 3 gürcüstanlı hərbçinin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Gürcüstan Əfqanıstandakı sülhməramlı əməliyyatlara 2009-cu ildən qoşulub. Hazırda bu ölkədə 870 gürcüstanlı hərbçi xidmət edir. Son 7,5 ildə Əfqanıstanda Gürcüstan ordusunun 30 hərbçisi həlak olub, 120 hərbçisi isə yaralanıb.
Eyni zamanda, ölkənin cənubunda yerləşən Gilmənd əyalətindəki bazara hücum nəticəsində ən azı 5 əfqan hərbçisi öldürülüb, bir neçə nəfər isə yaralanıb.
“Tolo News” telekanalının məlumatına əsasən isə insident nəticəsində ən azı 20 əsgər həyatını itirib.
Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlük əldə edən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrinin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyniadlı administrativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.