SİYASƏT
Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanda rəsmi səfərdədirlər
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstanın dövlət qulluqçularından ibarət nümayəndə heyəti iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədr müavini Vəfadar Misirov ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, bu səfər ölkələrimiz arasında dövlət qulluğu sahəsində əməkdaşlığın inkişafına təkan verəcəkdir.
Səfər çərçivəsində Əfqanıstanın dövlət qulluqçuları komissiyanın sədri Bəhram Xəlilov ilə görüşəcək və qurumun dövlət qulluğuna qəbul
imtahanlarının keçirildiyi “Test imtahanı mərkəzi” ilə tanış olacaqlar.
İyunun 15-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Fondunda, İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərində, Dövlət Sosial Müdafiə Fondunda və onun yerli bölmələrində, Dövlət İdarəçilik Akademiyasında olacaqdır.
Səfər zamanı nümayəndə heyətinin üzvləri üçün “Dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbul”, “Komissiyanın beynəlxalq əlaqələri və strateji əməkdaşlıq”, “Komissiyanın rəsmi saytı və göstərdiyi elektron xidmətlər”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi”, “Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” və digər mövzularda təqdimatlar da keçiriləcəkdir.