DÜNYA
Əfsanəvi “Chanel №5” ətrinin rayihəsi dəyişəcəkdir
Bakı, 31 may (AZƏRTAC). Əfsanəvi “Chanel №5” ətri fərdi rayihəsini itirə bilər, çünki onun formulunda allergen vardır. Avropa Komissiyası yaxın vaxtlarda parfümeriya məhsulları hazırlayan firmalara yeni sərt qaydalar tətbiq etməyə və parfümeriya sənayesində istifadəsi qadağan edilmiş inqrediyentlərə qadağa qoymağa hazırlaşır.
Bu barədə “Independent” qəzeti yazır.
Ekspertlər cəmi 12 allergen aşkar etmişlər. Kakao paxlasından əldə edilən kumarin və qızılgül yağının tərkibindəki evgenol ən məşhur allergenlərdir. Palıd mamırı, habelə naringi yağının tərkibində olan sitral da bu siyahıda yer almışdır.
Alimlərin məlumatına görə, hazırda Avropa sakinlərinin 1-3 faizi səpmə və şişmə əmələ gətirən parfümeriya məhsullarına allergiyadan əziyyət çəkir.
“Chanel №5” ilə bərabər, “Miss Dior”un formulu da dəyişə bilər.
Koko Şanel 1921-ci il mayın 5-də onun adı, habelə xoşuna gələn rayihənin doldurulduğu flakonun nömrəsi ilə adlandırılmış ətir təqdim etmişdir. Dünya bu “ətriyyat bestsellerinə” görə böyük knyaz Dmitri Romanovun Koko Şanel ilə qısa sevgi macərasına borcludur. Knyaz D.Romanov Koko Şanellə 1920-ci ilin yayında tanış olmuşdur. Koko Şanel ətriyyatçı Ernest Bonu məhz knyaz D.Romanov sayəsində tanımışdır.
Deyilənlərə görə, Ernest Bo K.Şanelə bir neçə ətir nümunəsi vermişdir. K.Şanel beş nömrəli flakona doldurulmuş ətri seçmişdir. Bu rəqəmi xoşbəxt rəqəm adlandıran Koko düzgün seçim etmişdir, çünki ətriyyatçının işləyib hazırladığı 24 ətirdən ən mükəmməli məhz beş nömrəli şüşədə olmuşdur.