ƏFSANƏVİ MAYKL CEKSON VƏFAT ETMİŞDİR
Bakı, 26 iyun (AZƏRTAC). Dünya pop musiqisinin kralı Maykl Cekson vəfat etmişdir.
İyunun 25-də gecə saatlarında Los-Ancelesin “YUKLA” xəstəxanasına gətirilən 50 yaşlı müğənninin həyatını xilas etmək mümkün olmamışdır. Sənətçinin ölümü ilə bağlı hələlik rəsmi açıqlama veriməsə də, ölümünə kəskin ürək çatışmazlığının səbəb olduğu bildirilir.
Dünyanın dörd bir yanında milyonlarla pərəstişkarı olan əfsanəvi pop ulduzu Maykl Cekson iyunun 25-də ürək döyüntülərində yaranan problemlə bağlı təcili olaraq Kaliforniya Universitetinin xəstəxanasına yerləşdirilmiş, lakin həkimlər onun xəstəxanaya çatdırılana qədər dünyasını dəyişdiyini bildirmişlər.
M.Cekson 1958-ci il avqustun 29-da İndiana ştatında dünyaya göz açmışdır. Doqquzuşaqlı ailənin 7-cisi olan Maykl 4 qardaşı ilə birlikdə ilk musiqi yarışmasında səhnəyə çıxdığı zaman 6 yaşında idi. Professional solo musiqi karyerasına isə 1972-ci ildə başlayan müğənni 1982-ci ildə ilk albomunu buraxır. “Triller” onu Amerikada şöhrət zirvəsinə çatdırır və qısa zamanda dünyaya tanıdır. İndiyə qədər Ceksonun rekord həddə albomu satılmışdır. “Triller” və ondan sonra çıxan albomların satış sayı dünya üzrə 1 milyarda yaxındır. Ceksonun özünəməxsus səhnə davranışları, rəqs və musiqi zövqü dünya pop sənəti üçün yenilik olmuşdur. Pop ulduz ali titullardan sayılan Gremi mükafatına 13 dəfə layiq görülmüşdür. Şəxsi həyatı qalmaqallarla dolu olan Cekson 3 dəfə evlənmişdir və 3 övladı vardır.
M.Ceksonun ölüm səbəbləri haqqında bir neçə ehtimal səsləndirilir. YUKLA xəstəxanası hələlik rəsmi məlumat yaymaqdan çəkinir. Lakin pop ulduzun vəkili bildirmişdir ki, müğənni yaxın vaxtlarda Londonda verəcəyi konsertə hazırlıq məqsədilə vaxtaşırı müxtəlif dərmanlar qəbul edirmiş. Son vaxtlar səhhətində problemlər olan müğənninin qəfil ürəyinin dayanmasına yüksək sarsıntı və dərmanların əks-təsiri də səbəb ola bilər.