Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI MƏQSƏDİ İLƏ AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 20 OKTYABR TARİXLİ 891-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsinin formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. öz səlahiyyətləri daxilində “Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin beşinci və doqquzuncu hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 46-cı maddəsinin altıncı hissəsinin birinci və ikinci cümlələrində, 48-ci maddəsinin üçüncü və 49-1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 498; 2007-ci il, № 11, maddə 1114) 2-ci bəndində:

3.1. ikinci abzasda “46-cı maddəsinin beşinci hissəsində,” sözlərindən sonra “49-1-ci maddəsinin beşinci və doqquzuncu hissələrində,” sözləri əlavə edilsin;

3.2. üçüncü abzasda “46-cı maddəsinin ikinci hissəsində,” sözlərindən sonra “altıncı hissəsinin birinci və ikinci cümlələrində,” sözləri, “49-cu maddəsinin üçüncü hissəsində,” sözlərindən sonra “49-1-ci maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilsin, “48-ci maddəsinin ikinci hissəsində” sözləri “48-ci maddəsinin ikinci və üçüncü hissələrində” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 231; 2000-ci il, № 3, I kitab, maddə 159; 2008-ci il, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009-cu il, № 2, maddə 71) 2-ci bəndinin on ikinci-iyirminci abzasları müvafiq olaraq on üçüncü-iyirmi birinci abzaslar hesab edilsin və bəndə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“həmin Məcəllənin 70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin