İQTİSADİYYAT
Əhməd Əhmədzadə: Son 10 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə artmışdır
Bakı, 3 sentyabr (AZƏRTAC). Meliorasiya və su təsərrüfatı milli iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə demişdir.
Ə.Əhmədzadə bildirmişdir ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfədən çox artmış, məhz bu fondların yaradılması hesabına torpaqların məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətinin nəticəsi olaraq son 10 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 9,3 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmişdir. Bu məqsədlə 2 mindən artıq maşın və mexanizmlər, o cümlədən 1036 ədəd torpaqqazan texnika alınmış, onların məhsuldarlığı 2001-ci illə müqayisədə 2 dəfəyə yaxın artmışdır. Bu müddətdə də1481,2 kilometr suvarma kanalları, 1036 kilometr kollektor-drenaj şəbəkələri tikilmiş, 279,1 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış, 21 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 722 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.