EHRAMLARI, ƏSLİNDƏ, KİMLƏR TİKMİŞDİR?
Misir ehramlarını, əslində, kimlər tikmişdir? AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, elmi həqiqət axtarışında olan misirşünaslar bu suala çoxdan cavab vermişlər. Dahiyanə hər şeyin cavabı sadə olduğu kimi, bunun da cavabı sadədir: ehramları ümumi dini əqidədən ruhlanmış və fironların dəmir iradəsi ətrafında birləşmiş qədim misirlilər ucaltmışlar.
Misirin Qədim Abidələr İşləri üzrə Ali Şurasının başçısı Zəhi Həvas və Cizzə Platosu Xəritəsinin Çəkilməsi Layihəsinin direktoru alman Mark Lehner kimi ciddi alimlər əmindirlər ki, Cizzənin möhtəşəm sərdabalarını Böyük Ayı bürcündən olan memarlar, bəsit dirijabllardakı adsız çatıquranlar deyil, “ehramlar ölkəsi” Qədim Misirin istedadlı memarları və sadə misirlilər ucaltmışlar.
Bundan əlavə, sərdabalar protobetondan deyil, bir şox kimyaçının sübuta yetirdiyi kimi adi, lakin çox böyük əhəngdaşı plitələrindən inşa edilmişdir.
Z.Həvas hələ 1989-1990-cı illərdə Cizzədə memarlıq-tarix kompleksinə başçılıq etdiyi vaxt Xeops, Xefren ehramlarının 4,5 min əvvəl ucaldıldığı bu yerlərin yaxınlığında naməlum qəbiristanını tapmışdı. Bir il sonra isə M.Lehner müasir Qahirənin elə bu bölgəsində - Sfinksin heykəlindən cənubda qədim çörəkxanaları aşkar etmişdi.
O vaxtdan bəri misirşünaslar ta qədimdən Quzğun Divarı adlanan, əzəmətli daş darvazalı istehkamabənzər tikilinin təyinatı barədə düşünməyə başlamışlar. Qədim Padşahlığın IV sülaləsinin hakimiyyəti illərində ehramlarla birlikdə ucaldılan bu qapılar haraya aparır? Bu sualın birmənalı cavabı hələ ki yoxdur. Lakin alimlərin gümanına görə, bu dünya ilə axirət dünyası arasında sərhəddir: bu qapılar ehramları inşaatçıların qəsəbələrindən ayırırdı. Çox güman, qapılı divar vaxtilə burada mövcud olmuş limanın - gömrük-yük terminalının qalıqlarıdır. Bu yolla inşaat materialları gətirilirmiş.
Lehnerin komandasi Cizzədə inşaatçılar şəhərciyini tikinti meydançası ilə əlaqələndirən küçəni tapmışdır. Burada inzibati binalar, anbarlar, yeməkxanalar və hər biri 2 minədək adam tutan baraklar yerləşirdi.
Cizzədə aparılan qazıntılar heç də arxeoloji sensasiya məqsədi daşımır. Arxeoloqların məqsədi dünyanın möcüzələrindən sayılan bu abidənin kənar qüvvələrin müdaxiləsi olmadan, düşünülmüş şəkildə inşa olunduğunu sübuta yetirməkdir.
Həvas və Lehner hesab edirlər ki, ehramların tikintisi cidd-cəhdlə planlaşdırılmış hərbi kampaniyanı xatırladırdı. Çoxminli inşaatçı ordusunun mühəndisdən və iş icraçısından tutmuş yükdaşıyan və takelajçıyadək hər bir üzvü öz vəzifəsini yaxşı bilirdi. Burada növbə çəkən fəhlələrin sayından tutmuş onların yerləşdirilməsi, ərzaq norması, iş və istirahət cədvəlinədək hər şey nəzərə alınmışdı.