DÜNYA
Ehtiyacı olanlara pul göndərən Robin Qud peyda olmuşdur
Bakı, 12 mart (AZƏRTAC). Adını gizli saxlayan xeyriyyəçi zərflərlə pul paylayır.
Almaniyada maddi çətinlikləri olanlara zərflərdə pul göndərən anonim xeyriyyəçi peyda olmuşdur. Yerli əhalinin Robin Qud adlandırdığı xeyriyyəçi tərəfindən Braunşveyq şəhərinin sakinlərinə hazırda 190 min avro gəlmişdir.
İçərisində 10 min avro olan zərflər əsasən xeyriyyə şirkətləri və QHT-lərin ünvanlarına göndərilir. İlk belə zərfi Cinayət Qurbanları Fondunun üzvləri almışlar.
Növbəti dörd ay ərzində belə zərfləri uşaq bağçaları, xəstəxana, pulsuz yeməkxana və kilsə icması işçiləri öz poçt qutularında aşkarlamışlar. Köməyə ehtiyacı olan bu yerlər haqqında məlumatı Robin Qud "Braunschweiger Zeitung" qəzetindən əldə etmişdir.
Bir müddət əvvəl qəzetin redaksiyasına Robin Quddan məktub gəlmişdir. Puldan əlavə zərfə 14 yaşında olan Tom adlı oğlanın faciəli qəzadan sonra əlil qalması haqqında məqalə də əlavə olunmuşdur. Uşağın soyadı markerlə xüsusilə işarələnmişdir. Redaksiya pulu Tomun anasına çatdırmışdır.