İQTİSADİYYAT
Ekologiya idarəsində tələbələrin yay istehsalat təcrübəsi davam edir
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində, ümumilikdə, 12 nəfər tələbənin ödənişli, 30 nəfər tələbənin isə ödənişsiz əsaslı yay istehsalat təcrübəsi davam edir.
AZƏRTAC xəbər verir ki, təcrübə proqramında tələbələrə nəzəri və praktiki biliklər əldə etmək imkanı yaradılmışdır. Onlara idarənin təcrübəli rəhbərləri tərəfindən ekoloji monitorinqlərin hüquqi əsasları, məqsədi, bu sahədə mövcud qanunvericilik, beynəlxalq konvensiyalar barədə ətraflı məlumatlar verilir.
Təcrübə müddətində tələbələr ekoloji tədqiqatda nümunələrin götürülməsində və müvafiq ölçmə işlərində istifadə olunan avadanlıqla tanış olmuş və onun iş prinsipini öyrənmişlər.
İdarənin əməkdaşları tərəfindən mədən ərazilərində neft, neft məhsulları, lay suları və digər istehsalat tullantıları ilə çirklənmiş sahələrdə ekoloji tədqiqatın metodları, o cümlədən nümunələrin götürülməsi, qablaşdırılması və laboratoriyada analizi üçün hazırlıq prosesləri əyani olaraq tələbələrin diqqətinə çatdırılmışdır.
Həmçinin tələbələr kompleks tədqiqatlar laboratoriyasının fəaliyyəti və orada istifadə olunan ən müasir cihaz və avadanlıqla yaxından tanış olmuş və onları maraqlandıran suallar cavablandırılmışdır.