EKOLOJİ PROBLEMLƏR TƏCİLİ VƏ MƏRHƏLƏ-MƏRHƏLƏ HƏLL EDİLƏCƏK
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühiti Mühafizə departamentinin direktoru Hüseyn Məmmədov qurumun nəzərdə tutduğu genişmiqyaslı işlər haqqında məlumat vermişdir. O bildirmişdir ki, ekoloji vəziyyət dövlət səviyyəsində müdaxilə tələb edir. Prezident İlham Əliyev bu məqsədlə Milli Məclisin təsdiq etdiyi bir sıra dövlət proqramlarına - meşə fondunun bərpasına, daş karxanaları ehtiyatlarından səmərəli istifadəyə və sairə dair proqramların icrasına geniş yol açmışdır.
Nazirliyin təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Arif İsgəndərov demişdir: “Problemlər çoxdur. Onların hamısı daha böyük səmərəlilik baxımından mərhələ-mərhələ həll olunmasını tələb edir. Lakin həm bölgələrdə, həm də Abşeron yarımadasında suyun keyfiyyəti bu günədək əsas problemlərdən biri olaraq qalır. Məlumdur ki, iki əsas su arteriyasını - Kür və Arazı qonşu ölkələr – Gürcüstan və Ermənistan çirkləndirirlər və bu məsələnin həlli çoxproblemlidir”.
O demişdir ki, meşələrin qırılması meyli minimuma endirilir. Lakin yadda saxlamaq lazımdır ki, meşə fondunun 25 faizi işğal altındakı ərazilərdədir (Ermənistanda meşə fondunun həcmi 3 dəfə azdır). Məişət və sənaye tullantılarının utilləşdirilməsi daha bir problem yaradır ki, onu da təcili surətdə həll etmək lazımdır. Məişət tullantılarının yandırıldığı qanunsuz poliqon və məzarlıqlar meydana gəlmişdir. Ona görə də tullantıları utilləşdirən zavodların tikilməsi zəruridir.
Havanın çirkləndirilməsi isə başqa bir problemdir ki, bunun da xeyli hissəsi avtonəqliyyatın payına düşür. Ölkəyə istismar müddəti çoxdan bitmiş avtomobillər gətirilir. Mühərrikin nasazlığı, hissələrin yoxluğu həmin nəqliyyat vasitəsinin atmosferə min tonlarla zərərli maddə buraxmasına gətirib çıxarır.
İşğal altındakı ərazilərdə yanğınlar törədilməsi mövcud problemləri daha da ağırlaşdırır. Fotosənədlərin də təsdiq etdiyi ilkin hesablamalara görə, yanğınlar 6 milyon AZN məbləğində maddi ziyan vurmuşdur.