“ƏL-QAİDƏ” ALMANİYANI HƏDƏLƏYİR
Berlin, 26 sentyabr (AZƏRTAC). “Welt” jurnalı yazır ki, “Əl-Qaidə” terrorçuları bu həftə artıq üçüncü dəfə Almaniyaya ünvanlanmış hədələrlə dolu videomüraciət yaymışlar. “Bild” jurnalının verdiyi məlumata görə, həmin videomüraciət sentyabrın 22-də axşam eyni vaxtda islamçıların bir neçə saytında yerləşdirilmişdir. Videoyazıda göstərilən terrorçu 11 sentyabr terror aktlarının fotoşəkilləri yapışdırılmış divarın fonunda dayanaraq almanlardan tələb edir ki, onlar Almaniyada qarşıdan gələn seçkilərdə siyasətçiləri Almaniya qoşunlarını Əfqanıstandan çıxarmağa məcbur etsinlər. Əks halda o, AFR-də yeni terror aktları törədiləcəyi barədə hədə-qorxu gəlir.
Şəxsiyyəti hələ məlum olmayan terrorçu demişdir: “Tezliklə ölkənizdə seçkilər keçiriləcəkdir. Mücahidlər sizə dəfələrlə xəbərdarlıq etmiş və bizim qardaşımız Əbu Talanın dediyi kimi, hər şeyi geri qaytarmaq üçün sizə imkan vermişlər”. Sentyabrın 18-də və 20-də yayılmış ilk iki videomüraciətdə islamçılar arasında Əbu Tala adı ilə tanınan “Alman” ləqəbli islamçı, Kölndən olan 32 yaşlı Bekkay Hərrax çıxış edirdi.
Mütəxəssislərin fikrincə, birinci videomüraciət məxsusi olaraq geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Həmin videoçarxda əynində ağ köynək, qalstuk taxmış, üstdən pencək geymiş, saqqalını qırxmış, saçlarını səliqə ilə daramış Bekkay Hərrax alman xalqını hədələyərək demişdir ki, əgər onlar qarşıdan gələn Bundestaq seçkilərinin yekunlarına əsasən partiyaları və siyasətçiləri Bundesverin hərbi hissələrini Əfqanıstandan çıxarmağa məcbur edə bilməsələr, seçkilərdən sonra “almanların işi şuluq olacaqdır”.
İkinci videoçarxda heç bir hədə-qorxu yoxdur. Hərrax AFR-də yaşayan müsəlmanlara müraciət edərək, onları silaha sarılmağa və silahlı cihada başlamağa çağırır.
Bu videomüraciətlər yayılandan sonra Almaniyada terror təhlükəsinin yüksək dərəcədə olması elan edilmişdir. Əyinlərinə zirehli jilet geymiş, avtomatlarla silahlanmış polislər küçələrdə patrul xidməti çəkir. AFR federal kriminal polis xidmətinin rəhbəri Yorq Tsirke bildirmişdir ki, hakimiyyət orqanları islamçıların hədələrini çox ciddi qəbul edirlər. Bununla bərabər, o vurğulamışdır ki, təşvişə düşməyə əsas yoxdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin