DÜNYA
Əlavə yuxu insanı ağrıdan xilas edir
Bakı, 3 dekabr (AZƏRTAC). Belə hesab edilir ki, səkkiz saatlıq gecə yuxusu orqanizmin normal fiziki vəziyyəti üçün tamamilə yetərlidir. Lakin gecə istirahətinin müddəti bir saat uzadılarsa, ağrılara qarşı həssaslıq xeyli azalar, habelə diqqət artar. Mütəxəssislərin sözlərinə görə, 10 saatlıq yuxu məşhur kodein preparatından daha effektiv ağrıkəsici vasitədir.
Mütəxəssislər ağrıdan əziyyət çəkməyən 18 sağlam insanın öyrənilməsi nəticəsində belə qənaətə gəlmişlər. Bütün iştirakçılar iki qrupa ayrılmışdır: birinci qrup dörd gün ərzində hər gecə 8 saat, digər qrup isə - 10 saat yatmışdır.
Eksperimentdən sonra mütəxəssislər yuxunun latentlik testi vasitəsilə (bu zaman beyin dalğaları, gözlərin hərəkəti, əzələlərin tonusu və ürək döyüntüsü qeydə alınır) bütün gün ərzində yuxululuq dərəcəsini qiymətləndirmişlər. Bundan başqa, mütəxəssislər istiliyin təsirindən yaranan ağrıya qarşı həssaslığı təhlil etmişlər.
Beləliklə, nəticələr göstərmişdir ki, yuxu müddəti daha çox olan qrupun iştirakçıları qalanları ilə müqayisədə barmaqlarını istilik mənbəyinin yaxınlığında daha çox saxlaya bilmişlər. Qeyd etmək lazımdır ki, bu effekt 60 milliqramlıq kodeinin təsirindən daha güclüdür.