CƏMİYYƏT
Elçin Əsədov: Haqqımda çəkilmiş film idmançılarımıza verilən dəyərin göstəricisidir
Bakı, 29 avqust, AZƏRTAC
Bu gün bəlkə də Azərbaycan tarixində fərqli film - velosiped idmanı, idmançının həyatı haqqında film çəkilib. Ekran əsərinin qəhrəmanı və baş rol ifaçısı mənəm. Bu, iyirmi illik karyeram boyu gördüyüm işlər barədə qısa ekran əsəridir. Bu, çox sevindirici haldır, çünki ölkəmizdə idmana, idmançılara verilən dəyərdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan velosipedçisi Elçin Əsədov jurnalistlərə müsahibəsində deyib.
Elçin Əsədov qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. Bütün idman növlərində olduğu kimi, hazırda velosiped idman növü də inkişaf edir.
“Nazir Mədəd Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçildikdən sonra bu idman növünə göstərdiyi qayğı, hər bir velosipedçinin problemlərini həll etməsi idmançılarımıza olan dəyərin göstəricisidir. Bu ekran əsərinin çəkilməsində əməyi olan jurnalistlər, operatorlara, ümumiyyətlə, əziyyəti olanlara minnətdaram. Çünki bu mənə, ailəmə verilən dəyər, gördüyüm işlərə verilən qiymətdir”, - deyə E.Əsədov vurğulayıb.