SİYASƏT
Eldar Namazov: Rusiya-Türkiyə Monitorinq mərkəzinin rolu hansısa mərhələdə arta bilər
Moskva, 12 oktyabr, AZƏRTAC
Ermənistan Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrinə daxil olan səkkiz sərhədyanı kəndi qaytarmalı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov “Qarabağ münaqişəsinin tam başa çatmasından sonra Cənubi Qafqazın inkişafı” mövzusunda keçirilən onlayn görüşdə bildirib.
Politoloq qeyd edib ki, “əgər Ermənistan ənənəvi olaraq bu məsələnin həllini bloklasa, gələcəkdə müəyyən problemlər yarana bilər”.
Qarabağdakı Rusiya sülhməramlılarından danışan Eldar Namazov qeyd edib ki, çox şey erməniəsilli əhalinin Qarabağa qayıtmaq istəməsindən asılı olacaq. O vurğulayıb ki, onlar Qarabağı könüllü tərk ediblər. “RF-nin müdafiə naziri Sergey Şoyqunun dəqiq ifadə etdiyi kimi, söhbət təxliyədən gedib. Həqiqətən, bu, separatçı rejimin rəhbərləri və Ermənistan hakimiyyətinin kondisionerli əla avtobuslarda təşkil etdiyi əhalinin təxliyəsi idi. Qarabağdan qovulan isə öz torpaqlarından atəş altında və ayaqyalın qaçan azərbaycanlılar olub”.
Eldar Namazov Rusiya-Türkiyə Monitorinq mərkəzi barədə xatırlatma edərək qeyd edib ki, hansısa mərhələdə onun rolu arta bilər və bu amili də diqqət mərkəzində saxlamaq lazımdır. O, Cənubi Qafqazda “3+3” formatında əməkdaşlıq platformasının reallaşdırılmasının zəruriliyini də vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva