İQTİSADİYYAT
“Elektron hökumət” layihəsində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda müzakirələr aparılmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və “İntegris” şirkətinin təşkilati dəstəyi ilə aprelin 6-da keçirilən seminarda “Elektron hökumət” layihəsində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusu müzakirə edilmişdir.
Nazirliyin aparıcı mütəxəssisi Etibar Umudov Azərbaycanda “elektron hökumət”in formalaşdırılması üzrə aparılan işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq, ölkədə elektron xidmətlərin tətbiqi istiqamətində dövlət qurumları ilə birgə müvafiq tədbirlər görülür. “Elektron hökumət” layihəsi çərçivəsində elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabr ayından dövlət orqanlarına, vətəndaşlara və biznes qurumlarına “elektron imza” xidmətlərinin göstərilməsinə başlanılmışdır. Həmçinin “elektron hökumət portalı”nın birinci versiyası yaradılmışdır.
“DATA+” şirkətinin baş direktoru Aleksey Uşakov “Elektron hökumət” layihəsində coğrafi informasiya sistemlərinin (GİS) tətbiqindən danışmışdır. Bildirmişdir ki, bu gün CİS təkcə ətraf mühitin tədqiqində və kartoqrafiyada deyil, xalq təsərrüfatının əksər sahələrində də istifadə edilir. CİS-dən istifadə sahələri praktiki cəhətdən məhdudiyyət tanımır və zaman keçdikcə digər sahələrə də geniş tətbiq olunmaqdadır.
“İntegris” MMC-nin baş meneceri İlham Bayramov maarifləndirmə məqsədi ilə keçirilən seminarın əhəmiyyətini qeyd etmişdir.
20-dən çox dövlət qurumunun, universitet və elmi-tədqiqat institutları nümayəndələrinin iştirakı ilə aparılan müzakirələrdə Rusiya, Türkiyə və digər Avropa ölkələrindən dəvət olunmuş ekspertlər müxtəlif sahələr üzrə CİS-in tətbiqi və bu sahədə mövcud təcrübənin işıqlandırılması ilə bağlı müvafiq təqdimatlarla çıxış etmişlər.