CƏMİYYƏT
“Elektron hökumət” portalındakı müraciətlərin yarıya qədəri “İş yerinə dair arayış” elektron xidmətinə ünvanlanıb
Bakı, 19 fevral, AZƏRTAC
Bu ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə ötən ilin dekabrına nisbətən 5 faiz çox olmaqla 43,4 min dəfə müraciət olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin hər ay çoxalması ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsində rolunun və vətəndaşların həmin xidmətə marağının getdikcə artmasını göstərir. Bu, eyni zamanda, müvafiq hallarda iş yerləri barədə arayışların elektron qaydada əldə edilməsinə, aidiyyəti qurumlarda isə qeyd olunan arayışların elektron formada qəbul olunmasına üstünlük verilməsinin təzahürüdür.
Digər tərəfdən, “İş yerinə dair arayış” elektron xidmətinin vətəndaşlar üçün rahatlığı və istifadənin texniki prosedurunun sadəliyi də ondan faydalanmağa marağın artmasını şərtləndirir. Bunun üçün “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlər siyahısından “İş yerinə dair arayış” xidməti seçiləndən sonra ekranda əks olunan müvafiq menyulardan “Yeni arayış” menyusu seçilir. Bundan sonra isə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını formalaşdırır.
“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı istifadəyə verildiyi ilk aylarla müqayisədə 4 dəfədən də çox artıb. Ümumilikdə isə indiyədək həmin elektron xidmətə 861,6 min müraciət qeydə alınıb. “Elektron hökumət” portalındakı “Arayışlar” bölməsində elektron arayış xidmətlərinə yönələn müraciətlərin 50 faizə qədəri “İş yerinə dair arayış” xidmətinin payına düşür.