CƏMİYYƏT
Elektron informasiya sistemi ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementidir
Bakı, 12 iyul, AZƏRTAC
İyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ölkə əhalisi 130 min 993 dəfə istifadə edib. Müraciətlərin 121 min 474-ü “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 9 min 519-u isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementidir. Respublikada mövcud olan bütün əmək münasibətlərinin elektron qaydada qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsini şərtləndirən bu sistem əmək bazarına, əmək hüquqlarına təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idarəetmə mexanizmini formalaşdırıb. Azərbaycanın bu sahədə təcrübəsinə ayrı-ayrı ölkələr böyük maraq göstərir. Son aylarda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri kimi, əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi də müasir dünyanın qabaqcıl təcrübə nümunələri kimi BMT-nin portalında yerləşdirilib.
Bu sistem iki e-xidməti özündə birləşdirir ki, onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti işəgötürənlərə işçilərlə bağladıqları əmək müqavilələrini, yaxud müqaviləyə dəyişiklikləri və ya xitam verilməsini müvafiq bildiriş formasında sistemdə qeydiyyatdan keçirməyə imkan verir. Digər “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti vasitəsilə isə işçilər onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə edə bilirlər.
Artıq iki ildir ki, əhalinin istifadəsində olan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi ötən müddətdə “Elektron Hökumət” portalında daim geniş istifadəçi kontingenti ilə diqqəti cəlb edib. Təkcə bu ilin 6 ayında əhali bu sistemdən 1 milyon 60 min 531 dəfə, son iki ildə isə təqribən 5 milyon 570 min dəfə faydalanıb.