ELM VƏ TƏHSİL
“ELEKTRON MƏKTƏB” PİLOT LAYİHƏSİNİN PERSPEKTİVİ BÖYÜKDÜR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov Cisco Sistems Şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Robert Eycinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Şirkətin meneceri Asya Rutkovskaya Azərbaycanda reallaşdırdıqları layihələri, təhsil sahəsi üzrə gördükləri işləri diqqətə çatdıraraq “Elektron məktəb” adlı pilot layihədən danışmışdır. Bildirmişdir ki, həmin layihəyə əsasən müəyyən olunacaq orta məktəblərdə kompyuter şəbəkəsinin qurulması, internetə çıxışın təmin olunması, məktəb idarəçiliyinin və dərslərin elektron formatda təşkili, şagirdlərin giriş və çıxışına nəzarətin aparılması nəzərdə tutulur.
M. Mərdanov Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) çərçivəsində son illər yüksək əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Eyni zamanda, nazir görülən işlərlə bərabər mövcud problemləri də açıqlamışdır. Məktəblərə verilən kompyuterlərdən düzgün istifadə edilmədiyini, məktəb direktorlarının işə məsuliyyətsiz yanaşdığını diqqətə çatdıran nazir, bununla bağlı işçi qrup yaradıldığını, həmin qrupun Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun orta məktəblərində monitorinq keçirdiyini bildirmişdir. Nazir qrupun hazırlayacağı arayışa əsasən, yekun nəticələrin nazirliyin kollegiya iclasında müzakirə olunacağını qeyd etmişdir. Misir Mərdanov, həmçinin, təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məqsədi ilə Təhsil Nazirliyi yanında yeni bir idarənin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.
Görüşdə qonaqların orta məktəblərimizdə tədris olunan “İnformatika” dərsliyi ilə tanışlığı, təşkilatın həyata keçirəcəyi layihəyə 3 orta məktəbin cəlb olunması və bununla bağlı digər məsələlər müzakirə edilmişdir.