ELM VƏ TƏHSİL
“Elektron məktəb sistemi”nin Gəncədə tətbiqi müsbət qarşılanır
Gəncə, 31 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasında təhsil sisteminin innovasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində “Elektron məktəb sistemi”nin Gəncədə tətbiqi müsbət nəticələr verir. Şəhərin 27 nömrəli orta məktəbində reallaşan bu sistemin tətbiqi həm müəllimləri, həm də valideynləri razı salır.
Məktəbin direktoru Rahilə Hüseynova AZƏRTAC-a demişdir ki, bu sistem müəllimlərlə yanaşı şagirdlərin də məsuliyyətini artırmışdır. Belə ki, artıq valideynlər övladlarının məktəbə davamiyyəti, təhsil prosesi, keçilən dərslərin keyfiyyəti və sair məsələlər barədə internet vasitəsilə məlumat toplamaq imkanı əldə etmişlər. Bunun üçün bütün sinif otaqları kompyuter və noutbuklarla, eləcə də digər avadanlıqlarla təmin olunmuşlar.