MƏDƏNİYYƏT
Ələmdar Cabbarlı: Yarmarkada Zəfərimizi əks etdirən kitabları görmək bizi çox qürurlandırır
Bakı, 6 oktyabr, AZƏRRAC
Bu gün çox əlamətdar bir hadisəyə şahidlik edirik. Azərbaycanın demək olar ki, bütün nəşriyyatları, o cümlədən ali təhsil ocaqları və digər qurumları sərgidə təmsil olunur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı söyləyib.
Tədbirin əhəmiyyətindən danışan Ə.Cabbarlı deyib: “Sərginin ötən illərdən fərqi yalnız onun miqyası, böyüklüyü deyil. Bu, ötən ilin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra bu miqyasda keçirilən ilk kitab sərgisidir. Xüsusilə, stendlərdə bizim Zəfərimizi əks etdirən kitablar sərgilənir. Biz 30 ildir ki, məhz sərgilərimizdə həmin kitabların olmasını gözləmişik. "Zəfər yolu", "Zəfər tarixi", "Qurtuluş Günü salnaməsi" və bu adda kitablar var ki, bu, bizi çox qürurlandırır. İnanıram və ümid edirəm ki, yaxın zamanda Şuşada, Laçında, Kəlbəcərdə kitab sərgiləri keçiriləcək və biz böyük məmnuniyyətlə orada iştirak edəcəyik".