İQTİSADİYYAT
Əli Abbasov: “Evlərə optika” modeli üzrə bütün yaşayış məntəqələrində yüksəksürətli genişzolaqlı internet xidmətləri göstərən optik şəbəkə qurulacaqdır
Bakı, 3 iyun (AZƏRTAC). Dünya İqtisadi Forumunun aprel ayında dərc etdiyi Beynəlxalq İnformasiya Texnologiyaları Hesabatında (Global Information Technology Report) Azərbaycan yenə də internet istifadəçilərinin sayına görə MDB-də və regionda öz liderliyini qoruyub saxlamışdır.
AZƏRTAC xəbər verir ki, bu faktı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Birinci Beynəlxalq Bakı Forumundakı çıxışında açıqlamışdır.
Nazir demişdir ki, hesabatda internetin əlçatanlılığına, istifadə mümkünlüyünə görə Azərbaycan dünya ölkələri arasında 20-ci yerdə qərarlaşmışdır. Bu gün bir meqabit/saniyə yüksək sürətli internetin qiyməti Azərbaycanda orta əməkhaqqının təxminən 2-3 faizinə bərabərdir. Bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı bir mövqedir.
Yaxın 10 ildə informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması sahəsində genişzolaqlı internetin yayılma coğrafiyasının daha da genişlənəcəyini qeyd edən Ə.Abbasov vurğulamışdır ki, bu istiqamətdə Azərbaycanın Genişzolaqlı İnternet İnkişaf Strategiyası xüsusi rol oynayır. Hazırda bir çox region ölkələri tərəfindən öyrənilən bu strategiyaya əsasən, qarşıdakı üç ildə Dövlət Neft Fondundan təxminən 500 milyon dollara yaxın maliyyə vəsaitinin ayrılması planlaşdırılır. Beləliklə də, “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli genişzolaqlı internet xidmətləri göstərən optik şəbəkə qurulacaqdır. Bu layihənin reallaşdırılması nəticəsində yaxın 3 ildə Azərbaycanın kəndlərinə təxminən 30 meqabit/saniyə, şəhər yerlərinə isə 100 meqabit/saniyə sürətli internetin verilməsi nəzərdə tutulur.
Onu da qeyd etmək lazımdır ki, 2017-ci ilin sonunda Azərbaycan əhalisinin 85 faizi sürətli internet çıxışına malik olacaqdır. Bu isə inkişaf etmiş ölkələrin hədəflərinə uyğundur.