CƏMİYYƏT
Əlillər Azərbaycan dövlətinin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər
Mingəçevir, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Mingəçevir şəhərində Beynəlxalq Əlillər Günü münasibətilə bu qəbildən olan insanlarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və şəhər əhalinin sosial müdafiəsi mərkəzinin təşkilatçılığı ilə “Kosmos” şadlıq sarayında keçirilən tədbirdə əlilliyi olan 120 nəfər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, ölkədə əlillərin sosial müdafiəsi istiqamətində dövlət səviyyəsində görülən işlər bu təbəqənin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradır. Bu yönümdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin sosial siyasətə daim sadiq qalmasına əyani sübutdur.
Qeyd olunmuşdur ki, ölkədə əlillərin sağlamlığının qorunması və bərpası bu gün xüsusi önəm daşıyır. Sağlamlığını itirmiş insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində respublikada görülən işlər tədqirəlayiqdir. Vurğulanmışdır ki, hazırda Azərbaycanda 400 mindən çox əlil vardır və dövlət həmin insanlara qayğı göstərərək hər ay əlillik qruplarına uyğun olaraq pensiya və sosial müavinətlər verir. Bildirilmişdir ki, cari ildə Mingəçevirdə Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli bina istifadəyə verilmişdir. Gələn il daha 54 mənzilli binanın və Çernobıl əlilləri üçün reabilitasiya mərkəzinin inşası nəzərdə tutulur.
Çıxış edən əlillər müxtəlif bayram tədbirlərində, xüsusilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə, Novruz, Ramazan və Qurban bayramlarında, Beynəlxalq Əlillər Günündə yardımlar aldıqlarını qeyd etmişlər.
Tədbirdə iştirak edən əlillərə maddi yardım verilmişdir.