Elm fədailəri yetişdirən məktəb
Tbilisi, 9 dekabr, AZƏRTAC
Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kənd məktəbinin 105 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların və məktəbin qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd ağsaqqalı, məktəbin müəllimi və direktoru olmuş Ziyadxan Əhmədov çıxış edərək deyib ki, 1920-ci ildə yaradılmış məktəbin məzunları təkcə Gürcüstanda deyil Azərbaycanda, Rusiyada və digər ölkələrdə elm, təhsil, neft-kimya sənayesi, hüquq elmi, tibb və digər sahələrdə çalışıb, həmin sahələrin inkişafına töhfələr veriblər.
Onların içərisində Gürcüstan Parlamentinin 9-10-cu çağırış deputatı Savalan Mirzəyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Səyyad Kərimov, şair Təhləli Novruz (1912-1960), kimya elmləri üzrə professor Ziyəddin Sadiqov (1934-1983) və digər şəxsiyyətlər var. Bu insanlar təkcə Qara Təhləni deyil, bütövlükdə Gürcüstanı və soydaşlarımızı dünyaya tanıdıblar.
Sonra səfirliyin birinci katibi Ramiz Hacızadə, Azərbaycan Ali Məhkəməsinin hakimi Səyyad Kərimov, həkim xeyriyyəçi Elcan Abdullayev, ağsaqqal pedaqoq Məhərrəm Ocaqov, Gürcüstanın Azərbaycanlı Müəllimlər Təşkilatının üzvü Növrəstə Həsənova, gürcü dili müəllimi Nino Xoraşvili və başqaları çıxış edərək məktəbin fəaliyyəti, məzunlarının qazandıqları uğurlar barədə məlumat veriblər.
Bildirilib ki, bu məktəbi bitirmiş 13 nəfər Azərbaycanda, Gürcüstanda və Rusiyada alimlik dərəcəsi alıb. Bu insanlar elmin inkişafındakı xidmətlərinə görə, hər üç ölkənin ali mükafatlarına layiq görülüblər.
Məktəbin müəllimləri də, “Maarif əlaçısı”, Əməkdar müəllim, fəxri adları və döş nişanları ilə mükafatlandırılıblar.
Qeyd olunub ki, bu məktəbin bir neçə məzunu tarixi vətənləri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb, qazi və şəhid olublar.
Məktəbin müəllim və şagirdlərinin milli dəyərləri, vətənpərvərlik ideyalarını bu gün də yaşatdıqları, inkişaf etdirdikləri xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi