ELM VƏ TƏHSİL
Elm və Təhsil Nazirliyinin şöbə müdiri: Hazırda 300-dən çox məktəbdə şagird davranış qaydaları tətbiq olunur
Bakı, 6 mart, AZƏRTAC
Şagird davranış qaydaları Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanıb. Biz buna ilk olaraq pilot layihə şəklində başlamışıq. Hazırda 300-dən çox məktəbdə şagird davranış qaydaları tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin martın 6-da keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.
Şöbə müdiri bildirib ki, həmin qaydalarda təhsilalanların, təhsilverənlərin, eyni zamanda, valideynlərin bu məsələlərin tənzimlənməsində üzərilərinə düşən məsələlər öz əksini tapıb. Bu layihə özünü doğruldarsa, onun digər təhsil müəssisələrində də tətbiqi nəzərdə tutulur.
S. Mahmudov bundan əvvəlki dövrlərdə də məktəblərdə şagirdlər arasında müxtəlif davranış qaydalarının pozulması hallarının müşahidə edildiyini diqqətə çatdırıb.
“Bu normaldır. Amma bu gün bunun ictimaiyyətə təqdimat forması bir qədər dəyişib, məsələlər mediada daha çox qabardılır. Düşünürəm ki, buna diqqət və nəzarət etmək lazımdır. Bu vəzifələri təkcə ümumtəhsil müəssisəsinin üzərinə qoymaqla vəziyyəti tənzimləmək mümkün deyil. Burada ailənin də üzərinə kifayət qədər yük düşür. Belə ki, valideyn-məktəb münasibətləri birgə işlənilməlidir”, - deyə o vurğulayıb.