ELM VƏ TƏHSİL
Elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması mühüm məsələdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması elmin inkişafına təsir edən amillərdəndir. Azərbaycan elminin beynəlxalq aləmdə təbliği istiqamətində zəruri tədbirlər görülməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev Rəyasət Heyətinin iclasında akademiyanın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların monitorinqi haqqında geniş təqdimatla çıxışında bildirmişdir.
R.Alıquliyev elmi jurnalların beynəlxalq standartlara cavab vermə səviyyəsinin analizi, mövcud problemlərin aşkarlanması və aradan qaldırılmasının mühüm məsələ olduğunu bildirmişdir. Alim beynəlxalq elmi bazaların imkanları, Azərbaycan elminin bu bazalarda təmsil olunma səviyyəsi və jurnalın elmi bazalarda qeydiyyatı üçün qoyulan tələblər haqqında məlumat vermişdir.
R.Alıquliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən 292 elmi jurnaldan 58-nin AMEA-nın təsisçiliyi ilə nəşr olunduğunu diqqətə çatdırmışdır.
Sonra həmin jurnalların monitorinqi əsasında aparılmış araşdırmalarla bağlı statistik göstəricilər təqdim edilmişdir. Aparılmış təhlillər əsasında aşkarlanmış problemlərin mərhələlərlə həlli yolları müzakirə olunmuş və təkliflər irəli sürülmüşdür.