ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında attestasiyanın nəticələri müzakirə olunmuşdur
Bakı, 27 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutu elmi şurasının növbəti iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun sədrliyi ilə keçirilən iclasda elmi işçilərin 2014-cü il aprelin 4-dən 25-dək keçirilmiş attestasiyasının nəticələri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
İclasda elmi şuranın üzvləri attestasiyanın nəticələri ilə tanış olmuşlar. Nəzərə çatdırılmışdır ki, Tarix İnstitutunun əməkdaşlarının son 5 ildəki elmi nəticələri nəzərə alınaraq onlar müvafiq olaraq baş elmi işçi, aparıcı elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrinə uyğun görülmüşlər. Bəzi əməkdaşlara isə tutduğu vəzifələrdə saxlanılmaqla öz elmi tədqiqat işlərinin səmərəsini artırmaq üçün bir il vaxt verilmişdir. Fərdi plan əsasında elmi-tədqiqat işlərini yerinə yetirməyən və müntəzəm olaraq əmək intizamını bəzi əməkdaşlar isə tutduqları vəzifələrdən azad edilmişlər.
Elmi şuranın üzvlərinin yekdilliklə səsverməsi ilə attestasiyanın nəticələri təsdiq olunmuşdur.