İQTİSADİYYAT
Əlverişsiz hava şəraiti qatarların hərəkətinə əngəl yaratmayıb
Bakı, 9 yanvar, Ceyhun Rüstəmov, AZƏRTAC
Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq bütün sərnişin qatarları cədvələ uyğun olaraq yola salınır və qəbul edilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş cədvələ uyğun həyata keçirilir.
Ümumiyyətlə, QSC-nin kollektivi hava şəraitinin əlverişsiz olması ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. Sərnişinlərin və qatar heyətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.
QSC-nin sərnişin daşımaları departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsinə ciddi nəzarət olunur.