ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində formalaşıb
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, akademik Teymur Kərimli bildirib ki, Əlyazmalar İnstitutu bilavasitə Ulu Öndərin diqqət və qayğısı ilə bağlı olan bir elmi müəssisədir. Belə ki, bu müəssisənin bir institut kimi formalaşması və layiqli bir binada yerləşdirilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətidir. “Ümummilli Lider mədəni-mənəvi irsimizin gözəl bilicisi, klassik ədəbiyyatımızın himayəçisi olub”, - deyə Teymur Kərimli vurğulayıb.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov çıxışında Ulu Öndəri müasir və gələcək Azərbaycanın memarı adlandırıb. Bildirib ki, hələ fond kimi fəaliyyət göstərən müəssisəmizə dəfələrlə gələn Heydər Əliyev buranın instituta çevrilməsində, instituta dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adının verilməsindəki rolu əvəzedilməzdir. Ümummilli Lider bütün türk dünyasının Bakıya toplaşmasının təşəbbüskarı olub və biz onun sayəsində “Kitabi-Dədə Qorqud” abidəsinin əsl varisi olduğumuzu beynəlxalq aləmdə sübut edə bilmişik.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Ulu Öndərin sovet rejimində Azərbaycan mədəniyyəti uğrunda apardığı mücadilələrdən və bu mücadilələrdən üzüağ çıxmasından bəhs edib.
Ümummilli Liderin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi qayğıdan söz açan tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə Heydər Əliyevin Əlyazmalar İnstitutuna yüksək qiymət verdiyini xüsusilə vurğulayıb.