Əmək Məcəlləsində dəyişiklik edilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Parlament Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinin hazırlanmasının əsas məqsədi müasir yükqaldırıcı qurğuların texniki dözümlülük göstəricilərini nəzərə almaqla, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır.
Bu məqsədlə sözügedən məcəllənin 2-ci əlavəsinə dəyişiklik edilərək, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif edilir.
Dəyişikliyin qəbul edilməsi nəticəsində işçinin təqsiri olmadan işin dayandırılması hallarının azalması əmək məhsuldarlığının və layihələrin vaxtında tamamlanmasının təmin edilməsi və iş prosesinin daha səmərəli təşkili gözlənilir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Fotoqraf - Aydın Məmmədov