SİYASƏT
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN M Ə L U M A T I
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Litvanın Azərbaycandakı səfiri xanım Halina Kobeskaiteni qəbul etmişdir.
Söhbət zamanı səfir Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində ölkəmizdə yaranmış sosial problemlər, işsizliyin hazırkı durumu ilə maraqlandı. O, Litva-Azərbaycan münasibətlərinin inkişafı məsələsinə toxundu, Prezident Heydər Əliyevin Litvaya rəsmi səfərini Vilnüsdə səbirsizliklə gözlədiklərini nəzərə çarpdırdı. Xanım Kobeskaite beynəlxalq təşkilatlarda onun ölkəsinin Azərbaycana daim dəstək verdiyini bildirdi.
Əli Nağıyev bu görüşə yüksək qiymət verdiyini, eyni zamanda Litvanın da dünya birliyində layiqli yer tutmasında Azərbaycanın maraqlı olduğunu söylədi.
Nazir 1 milyon Azərbaycanlı qaçqının uzun illərdən bəri çadırlarda acınacaqlı vəziyyətdə yaşamasından, işğal olunmuş ərazilərimizdə 300 mindən çox iş yerinin itirilməsindən danışdı. O, Ermənistanla hər hansı sahədə əməkdaşlığın qeyri-mümkün olduğunu söylədi. Nazir bildirdi ki, münaqişə yalnız siyasi yolla, beynəlxalq hüququn prinsipləri çərçivəsində, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, eyni zamanda Dağlıq Qarabağın erməni və Azərbaycanlı əhalisinin hüquqlarının müdafiə olunması prinsipləri əsasında həll olunduqdan sonra dinc, mehriban qonşuluq şəraitində əməkdaşlıqdan söhbət gedə bilər.
Tərəflər ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi apardılar.