CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Teleqram” kanalı rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib
Bakı, 19 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən il fəaliyyətə başlayan rəsmi “Teleqram” kanalı (sosial.gov.az) qısa müddətdə aktiv fəaliyyəti ilə seçilərək, teleqram platforması tərəfindən rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurum öz fəaliyyət sahələrində aparılan işlər, sosial müdafiə, məşğulluq tədbirləri, islahatlar, innovativ yeniliklər barədə həmin kanalda da mütəmadi xəbərlər paylaşır.
Mavi nişanla təsdiqlənmə (“Verified Page”) səhifənin orijinallığına, ardıcıl və mötəbər məlumatlar mənbəyi olmasına, aktivliyinə, nüfuzuna dəlalət edir. Bu nişan izləyici kontingentinin orijinal, rəsmi, dürüst səhifələri saxta səhifələrdən ayırd edə bilməsinə və düzgün istiqamətlənməsinə yardımçı olur.
Nazirliyin feysbuk, tvitter, instaqram və yutub sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir. Ötən dövrdə qurumun feysbuk (https://www.facebook.com/sosial.gov.az və instaqram (https://www.instagram.com/sosial.gov.az/ ) səhifələri də rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib.
Qeyd edək ki, dünyanın ən böyük sosial şəbəkələrindən biri olan teleqramın 500 milyondan çox aktiv istifadəçisi var.