MƏDƏNİYYƏT
Əməkdar incəsənət xadimi, professor Aida Tağızadənin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aida Tağızadənin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.
Konfransı İttifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açaraq musiqişünas, professor Aida Tağızadənin yaradıcılıq yolundan, onun geniş elmi irsindən söhbət açıb. A.Tağızadənin Azərbaycan bəstəkarlarının yaradıcılığının tədqiqindəki pedaqoji və elmi fəaliyyətini yüksək qiymətləndirib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli musiqişünas Aida xanımın müəllim kimi pedaqoji fəaliyyətini xüsusi vurğulayaraq onun musiqişünaslıq elminə verdiyi töhfələrindən danışıb.
Tədbirdə Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı da çıxışlarında Aida xanımın nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından uzaqlarda da istedadlı tələbələrinin fəaliyyət göstərdiyini vurğuladılar.
Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Aida Tağızadənin Azərbaycan musiqi elminə verdiyi töhfələr”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə “Aida Tağızadənin elmi fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
Konfransın musiqi hissəsində Aida Tağızadənin yaradıcılığını araşdırdığı bəstəkarlardan Soltan Hacıbəyovun “Adajio” və Cövdət Hacıyevin “Ballada” əsərləri səslənib. Əsərləri Xalq artisti Ülviyyə Hacıbəyova və S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva ifa ediblər.
Sonda Aida xanım Azərbaycan musiqi mədəniyyətinin, musiqişünaslığın inkişafı naminə gördüyü işlərdən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib.