ƏMƏKDAŞLIQ YOLLARINDA
Moskvada Beynəlxalq Paytaxtlar və İri Şəhərlər Assambleyası Assosiasiyası (BŞA) və MDB-nin İcraiyyə Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişin imzalanması mərasimində BŞA-nın prezidenti Yuri Lujkov və MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak etmişlər.
BŞA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sazişdə BŞA üzvü olan şəhərlərlə Birlik dövlətlərinin şəhərləri arasında iqtisadi, mədəni və işgüzar əlaqələrin inkişafına şərait yaradan birgə proqramların və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsi nəzərdə tutulur. Bu tərəfdaşlıq, əsasən, şəhərlərin resurs potensialı nəzərə alınmaqla onların inkişafına kömək edən əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də təsərrüfat subyektləri arasında müntəzəm əlaqələr yaradılmasına və mövcud əlaqələrin genişləndirilməsinə yönəlmişdir. Sazişə əsasən müxtəlif forumlar, konfranslar, simpoziumlar, seminarlar, “dəyirmi masa” görüşləri, sərgilər və başqa tədbirlər keçirilməsi nəzərdə tutulur. 2009-cu il üçün planlaşdırılan “Meqapolis: XXI əsr” forumu yaxın vaxtlarda keçiriləcək ən mühüm tədbirlərdən biri olacaqdır.
Hazırda BŞA Birlik üzvü olan 9 ölkədən sakinlərinin ümumi sayı 50 milyon nəfərdən çox olan 78 paytaxtı və digər iri şəhərləri birləşdirir.
Yuri Lujkov qeyd etmişdir ki, BŞA-nın əsas vəzifəsi şəhərlər arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində, vahid iqtisadi məkanda qarşılıqlı fəaliyyətin formalaşmasına şərait yaradan iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində və inkişaf etdirilməsində, ərazilərin və ölkələrin sosial-iqtisadi inkişafında paytaxtların və iri şəhərlərin resurslarının səmərəli istifadəsində MDB-nin İcraiyyə Komitəsinə hərtərəfli yardım göstərməkdən ibarətdir.
Sergey Lebedev Sazişin tezliklə konkret məzmun kəsb etməsinə tərəfdar olduğunu bildirmişdir.
######
