İQTİSADİYYAT
Əməliyyat risklərinin idarə edilməsi üzrə qabaqcıl Avropa ölkələrinin təcrübəsi müzakirə edilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və Avropa İttifaqının (Aİ) TAİEX yardım aləti çərçivəsində “Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri” mövzusunda seminar keçirilmişdir.
Seminarda depozitar və klirinq təşkilatlarının fəaliyyətində mövcud olan risklər barədə məlumat verilmiş, əməliyyat risklərinin idarə edilməsi üzrə qabaqcıl Avropa ölkələrinin təcrübəsindən və onun Azərbaycanda tətbiqi imkanlarından danışılmışdır. Beynəlxalq depozitarlararası əməliyyatlar zamanı yaranan risklər və Avropa ölkələri məkanında yeni yaradılan TARGET 2 Securities layihəsi mövzularında məruzələr də dinlənilmişdir.
Mövzu ətrafında Aİ-nın Qiymətli Kağızlar Depozitarı (Euroclear), Yunanıstan Kapital Bazarları Komissiyası və Rumıniyanın Mərkəzi Depozitarının mütəxəssisləri təqdimatlarla çıxış etmiş, QKDK-nin, Milli Depozit Mərkəzinin (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşları ilə birgə müzakirələr aparmışlar.