İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsində birinci rübün yekunları müzakirə olunmuşdur
Bakı, 22 aprel (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) birinci rübdə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilmişdir.
ƏMDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Komitə sədri Kərəm Həsənov çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində artım templərinin mövcud olduğunu, əhalinin rifah halının və sosial şəraitinin yaxşılaşdığını vurğulamışdır.
İclasda birinci rübdə görülmüş işlər və Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə edilmişdir. Bu istiqamətdə verilmiş tapşırıqların icrası məqsədi ilə komitə üzrə 5 əmr verilmiş və icrası nəzarətdə saxlanılmışdır.
Bildirilmişdir ki, komitəyə daxil olan ərizə və şikayətlərin, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasında operativliyin və səmərəliliyin təmin edilməsi məqsədi ilə vətəndaşların ərizə və şikayətlərinə baxılması üzrə komissiya yaradılmışdır.
Komitənin 193 və 148 nömrəli “qaynar xətlər”inin fəaliyyəti təkmilləşdirilmişdir. Rüb ərzində qaynar xətlərə 800-ə yaxın müraciət daxil olmuşdur. Bu müraciətlərin əksəriyyəti sorğu xarakterli olmuş, şikayət xarakterli müraciətlər operativ qaydada araşdırılmış və həll edilmişdir. İctimaiyyəti maraqlandıran məlumatların əldə edilməsi və sorğuların cavablandırılması məqsədi ilə komitənin internet səhifələri fəaliyyət göstərir. Birinci rübdə komitənin rəsmi internet səhifəsi vasitəsi ilə vətəndaşlardan 200-ə yaxın müraciət daxil olmuşdur. Respublika ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planları hazırlanmışdır.
Sonda komitə sədri bir sıra tapşırıqlar vermişdir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.