İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsində dövlət qulluqçuları and içiblər

Bakı, 10 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) strukturuna daxil olan vakant inzibati vəzifələrə qəbul edilən 10 dövlət qulluqçusunun mayın 10-da andiçmə mərasimi keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, ƏMDK-nın komitənin şöbə müdiri Nuranə Nəzərova dövlət qulluqçularını təbrik edib. Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlətçiliyi və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun sürətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.
Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər 6 ay stajçı kimi qulluğa qəbul edilib, daha sonra 3 ay sınaq müddətini uğurla başa vuraraq ölkə qanunvericiliyinə uyğun şəkildə daimi dövlət qulluğuna qəbul olunublar.
Komitə tərəfindən ötən ildə Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən 85 nəfər vakant vəzifələrə təyin edilib.