İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsində korrupsiyaya qarşı mübarizə gücləndirilir
Bakı, 15 mart (AZƏRTAC). Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təsdiq olunmuş iş planı əsasında korrupsiya hallarına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
ƏMDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, xidməti funksiyaların yerinə yetirilməsi zamanı işçilər tərəfindən korrupsiya hallarının qarşısının alınması sahəsində qanunvericiliyə uyğun sərt tədbirlər görülür. Komitənin apardığı profilaktik və nəzarət tədbirləri çərçivəsində işçilərin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməməsi, vətəndaşların qanuni hüquqlarının təmin edilməsi ilə bağlı əməli tədbirlər nəticəsini verir.
ƏMDK tərəfindən aparılmış tədbirlər nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin texnik-inventarlaşdırıcısı Mirəvəz Dünyamalıyevin öz xidməti vəzifəsini yerinə yetirərkən korrupsiya hüquqpozmasına yol verdiyi aşkar edilmişdir və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.