REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin regionlardakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 10 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinin vətəndaş qəbulunun vaxtı mayın 25-nə keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, mayın 25-də saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində komitə sədri Kərəm Həsənov Şəki rayonunun sakinlərini fərdi qaydada qəbul edəcək. Həmin gün komitənin sədr müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər. Komitə sədrinin müavinlərinin qəbulu saat 10:00-da müvafiq olaraq Qax və Zaqatala şəhərlərində yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcək.
Qəbulda komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı - (012) 490 24 08 (daxili 200 və 105), əlaqədar şəxs Samir Salıfov 050 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi - (02424) 4-26-10, (02425) 5-43-83, (02422) 5-22-52; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və 18 saylı Zaqatala Ərazi İdarəsi - (02424) 4-21-30, (02425) 5-51-96, (02422) 4-00-63.